» » Sabiq müşavirin və deputatın adı bazar qalmaqalında

Sabiq müşavirin və deputatın adı bazar qalmaqalında

18:29, 15.03.17
Bu gün
Sabiq müşavirin və deputatın adı bazar qalmaqalında
Martın 15-də Bakı Ağır Cinayətlər Məhkəməsində nəqliyyat nazirinin müşaviri olmuş Çingiz Baxşıyevin yaxın qohumu Rövşən Əhmədovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçiriləcək. Prosesdə Ç.Baxşıyevin kürəkəni Ayaz İbrahimovun şahid qismində dindiriləcəyi gözlənilir. Bu qalmaqallı iş ortaya çıxandan sonra sabiq müşavirin kölgədə qalan fəaliyyətinin üzərindəki pərdə də götürülüb.

Uzun illər Ç.Baxşıyevin tapşırıqlarını yerinə yetirən R.Əhmədov sabiq “şefi”nin 2009-cu il, fevralın 11-də Bakının mərkəzində qətlə yetirilən Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının (HHQ HHMQ) komandanı, general-leytenant Rail Rzayevin qətl işinə aidiyyətinin olduğunu açıqlayıb. Bu haqda musavat.com-a daxil olan məlumatda isə deyilirdi ki, 2017-ci ilin fevral ayının əvvəlindən bu günə qədər həmin iş üzrə sabiq müşaviri 2-3 dəfə istintaqa çağırıb dindiriblər. R.Əhmədov Çingiz Baxşıyevin 800 min manatlıq qızıl-zinət əşyalarını mənimsəməkdə suçlanır.

O, ittihamı qəbul etmir, bildirir ki, Ç.Baxşıyevin işçisi olduğu dövrdə onun çoxlu qanunsuz əməllərinin şahidi olub. Buna görə də ondan uzaqlaşmaq qərarı verib. Bundan sonra isə Ç.Baxşıyev ondan heç bir əsası olmayan şikayətlə hüquq-mühafizə orqanlarına müraciət edib, özünə, ailə üzvlərinə qarşı təzyiqlərə, təhdidlərə keçib.

R.Əhmədov məhkəməsində Ç.Baxşıyevi narkoticarətin təşkilində suçlayıb, 2009-cu il fevralın 11-də Bakıda öldürülən müdafiə nazirinin müavini Rail Rzayevin qətlində adını hallandırıb. Bu haqda qəzetimizin 10 fevral 2017-ci il tarixli sayında “8 il sonra Rail Rzayevin qətlinin şahidi ortaya çıxdı” sərlövhəli məqalə dərc etmişdik.

Sabiq müşavirin adı hallanan narkoticarətin kimlər üzərindən həyata keçirildiyi haqda da redaksiyamıza bilgilər daxil olmuşdu. Həmin məlumatlarda iddia olunurdu ki, xüsusi dövlət maşını ilə İranla sərhəddə, Astaraya həftədə 2 dəfə gedib Salyan mal bazarına yük gətirirlər.

Redaksiyamıza daxil olan son məlumatda isə konkret adlar çəkilir. İddia olunur ki, əvvəllər R.Əhmədovun üzərindən həyata keçirilən fəaliyyət hazırda onun qardaşı Fariq Əhmədovun, Ç.Baxşıyevin digər kürəkəni Mübariz Ələkbərovun, Fərhad, Etibar adlı şəxslərin köməyi ilə baş tutur. Xüsusi dövlət maşınının Etibarın sərəncamında olduğu, daşımalarda həmin maşından istifadə edildiyi vurğulanır. Astaradan gətirilən mal gecəyarısı Salyan mal-heyvan bazarında satılır.

Belə bir məlumat da var ki, Ç.Baxşıyev mal bazarının təkcə özünə məxsus olmadığını deyir. Tez-tez mərhum general Rail Rzayevin yerlisi və qohumu olan digər general - Əliağa Hüseynovla şərikliyini dilə gətirir. Ç.Baxşıyevin Ə.Hüseynovun adını eşitdirməsinin nəyə xidmət etdiyini söyləmək çətindir. Ümimiyyətlə isə mal-sərvət siyahısı bitib-tükənməyən Ç.Baxşıyevin yuxusuna haram qataraq gecə yarısı Salyana, oradakı mal bazarına getmək əziyyətinə qatlaşması yerli məmurların həyat tərzinə xas deyil. Üstəlik, Ç.Baxşıyevin sağlıq durumu ilə bağlı tez-tez xarici ölkələrə müalicəyə getməsi də sualları bir qədər artırır. Onun Salyan mal bazarındakı inək və qoyunların alqı-satqısına qatılması və ya nəzarət etməsi də heç inandırıcı görünmür.

Qeyd edək ki, Çingiz Baxşıyev nəqliyyat nazirinin müşaviri olduğu dövrlərdə və ondan əvvəl R.Əhmədovla 12 il işləyib. R.Əhmədovun adı “Sərnişinnəqliyyat”da müfəttiş gedib, faktiki isə Çingiz Baxşıyevin göstərişlərini yerinə yetirib. Həbsindən az əvvəl Çingiz Baxşıyev R.Əhmədovu gecələr şəhərin müxtəlif nöqtələrinə göndərib. Bir dəfə deyib ki, “Komfort taksi”dən bir “BMW X6" götür get ”Spar" mağazasına, orada maşının işıqlarını iki dəfə ardıcıl, bir dəfə də qısa fasilədən sonra yandır-söndür. Maşına gətirib yük qoyacaqlar, həmin yükü götür gəl. R.Əhmədov onun dediyini edib.

Maşına bir böyük çantada ağzına qədər pul qoyublar. Ondan sonra R.Əhmədov bir neçə dəfə “İvanovka” mağazasına göndərilib, eyni qaydada müəyyən işarələr veriləndən sonra maşına böyük çantada pul qoyulub. Bakıda S.Vurğun küçəsindəki çay fabrikinin yaxınlığında da maşına çantalarla pul qoyulub. R.Əhmədov bir müddət sonra belə göstərişlərini yerinə yetirməkdən imtina edib. Bu, Çingiz Baxşıyevin xoşuna gəlməyib, R.Əhmədovun “Sərnişinnəqliyyat”dan aldığı aylıq “paket” maaşını kəsdirib. Sonuncu da işdən çıxıb. Həmin pullar qanunsuz fəaliyyətdən əldə olunmuşdu. Məhkəməsində R.Əhmədov həmin pulların narkoticarətdən əldə olunduğuna eyham vurmuşdu.

Xatırladaq ki, R.Əhmədov ilkin olaraq dələduzluq ittihamı ilə həbs olunub. İttiham təsdiqini tapmayanda ona mənimsəmə ittihamı verilib. R.Əhmədov ittihamı qəbul etmir, ittihamın əvvəlcədən düşünülmüş olduğunu məhkəməsində dəfələrlə bəyan edib.
Oxşar xəbərlər:
Şərhlər: