» » «AAAF Park»dan müdhiş fırıldaqlar-SİYAHI 28.06.2016

«AAAF Park»dan müdhiş fırıldaqlar-SİYAHI 28.06.2016

14:11, 28.06.16
Cəmiyyət
«AAAF Park»dan müdhiş fırıldaqlar-SİYAHI 28.06.2016
Şirkətin satdığı mənzillərin qıfılları naməlum şəxslər tərəfindən qırılır, sayğaclar üçün 800 manat pul tələb olunur, yaşayış olmayan mənzillərdən isə kommunal haqqı yığılır

Son dövrlər bir çox tikinti şirkətləri inşa etdikləri binaların mənzillərini satmaq üçün müxtəlif kampaniyalar təşkil edirlər. «Kristal Abşeron» şirkətinin 20 illik ipoekta vədi, «General Motors»un rəhbərinin inşa etdirdiyi «Melissa Park»ın «effektiv faiz dərəcəsi 4,5 faiz fırıldağı, «Panorama» şirkətinin 8 faizlə ipoteka çağırışları artıq qulaq batırır. JAM.AZ xəbər verir ki, Ramazan ayı ilə əlaqədar kampaniyalarını genişləndirən bir başqa şirkət isə AAAF Parkdır.
Qeyd edək ki, şirkətin «Ramazan Kampaniyası» iyunun 7-dən iyulun 7-dəkdir. Kampaniyanın şərti isə belədir ki, şirkətdən nağd qiymətə mənzil alan şəxsə 40 faiz endirim ediləcək. Hətta mənzillərin sayının məhdud olduğu deyilir.
JAM.AZ xəbər verir ki, AAAF Parkın rəhbərliyində dayanan şəxslərin adları indiyə qədər bir çox qalmaqallara qarışıb. Onlardan biri nurçu olaylarıdır ki, bu məsələdə Elnur Aslanovun AAAF Park rəhbərliyi ilə yaxın münasibət qurduqları, habelə tikinti işlərinin maliyyəsinin bir qisminin Fətullah Güləndən gəldiyi iddia olunurdu. Həmin iddialar indii də gündəmdədir. Üstəlik, Beynəlxalq Bankla əməkdaşlıq da, problemlər sırasındadır. Belə ki, bu bankdan külli miqdarda kredit alan AAAF rəhbərliyi, həmçinin Cahangir Hacıyevin Xırdalandakı böyük ərazisində şərikli şəkildə bina inşa edib.
Ancaq məsələnin problemli tərəfi bu deyil. İş orasındadır ki, artıq AAAF Parkdan mənzil alanlar dərdlərini dilə gətirməyə başlayıblar. Onlar şirkətin soyğunçuluq və yağmaçılığından bezdiklərini, uzun illərdən bəri aldadıldıqlarını vurğulayırlar. JAM.AZ xəbər verir ki, Seymur Hacı adlı Facebook istifadəçisi isə sözün həqiqi mənasında əhaliyə müraciət edərək, onlara başına gələnlərdən bəhs edib. Hacı bütün əhaliyə müraciət edərək tövsiyyə edir ki, AAAF Parkdan heç kim mənzil almasın. Və bunun səbəblərini də unikal formada izah edir.
O qeyd edir ki, AAAF Parkdan mənzil almamaq üçün ilk səbəb kimi mənzilin sahəsində şirkət tərəfindən aldadıcı vasitədən istifadə olunmasıdır. Seymur Hacı yazır ki, əgər 50 kvadrat metrlik mənzilin pulunu ödəyirsinizsə, 42 kvadrat metrlik mənzilə sahib olacaqsınız. Yəni, şirkət sənəd üzərində 50 kv.metr-i göstərirsə, realda yaşayış sahəsinin ümumi həcmi 42 kv.metrdlir.
JAM.AZ xəbər verir ki, AAAF Parkın vədlərindən biri də mənzillərin kupçalaşdırılmasıdır. Facebookda camaata müraciət edən şəxs bildirir ki, bu blefdir və şirkətin şirnikləndirici vədlərindən sayılmalıdır. Mənbənin vurğuladığına görə, hələ indiyə qədər sözügedən şirkətdən mənzil almış heç bir şəxs kupçaya sahib olmayıb və yaxın illər üçün də bunun keçərli olacağı inandırıcı görünmür.
Şirkətin vətəndaşları «mühafizə xidmətimiz var» sözləriylə aldatması da müzakirə mövzusudur. Çünki belə bir şey yoxdur, bu sadəcə, alıcını aldatmaq üçün nəzərdə tutulmuş vasitələrdən biridir.
AAAF Parkda mənzil alanların mütəmadi olaraq rastlaşdığı əsas məsələlərdən biri də evlərinin kilidlərinin tez-tez başqa adamlar tərəfindən sındırılmasıdır. JAM.AZ xəbər verir ki, bunun kimlər tərəfindən və niyə edildiyi hələ də müəmmalıdır. Bəzi iddialara görə, şirkət bir mənzili bir neçə nəfərə satdığı üçün belə vəziyyətlər yaşanır.
Qeyd edək ki, şirkətin tək qazanc yeri mənzil satmaqla kifayətlənmir. Həmçinin yaşamadığınız mənzil üçün kommunal xərclərin ödənilməsi də AAAF rəhbərliyi üçün əlavə qazanc mənbəyidir. Bunun hansı şəkildə, hansı adla tutulduğunu bilən isə yoxdur.
Bir digər qazanc yeri isə işıq, su və qaz üçün sayğacların quraşdırılmasıdır. JAM.AZ Seymur Hacıya istinadən bildirir ki, bu zaman AAAF şirkətinin rəhbərliyi mənzil sahiblərindən sayğacların quraşdırılması üçün 800 manat pul tələb edir. Halbuki dövlət bu sayğacları pulsuz olaraq quraşdırır və bunun üçün hər hansı bir ödəniş etməyə də gərək yoxdur.
Müəllif sonda yazır ki, şirkət rəhbərliyi qeyri-səmimi olmaqla yanaşı, həm də keyfiyyətsiz idarəçilik qabiliyyətinə malikdir. Və o, hamını AAAF Park şirkətindən mənzil almamağa çağırır. Qarşı tərəf olaraq şirkətin də mövqeyini dərc etməyə hazırıq.

«AAAF Park»dan müdhiş fırıldaqlar-SİYAHI 28.06.2016
Oxşar xəbərlər:
Şərhlər: