» » Prezident “it damı” deyib, əsəbiləşmişdi – qazi yaşayırmış…

Prezident “it damı” deyib, əsəbiləşmişdi – qazi yaşayırmış…

13:34, 27.07.22
Cəmiyyət / Manşet
Prezident “it damı” deyib, əsəbiləşmişdi – qazi yaşayırmış…
Xatırlayırsınızsa, Prezident İlham Əliyev Qarabağdakı dağıntılarla bağlı danışarkən, ermənilərin yaşadığı evlərə də diqqət çəkmiş, onların yaşadıqları evləri “ev” adlandırmağın belə çətin olduğunu bildirmiş, onların “it damı” olduğunu bildirmişdi. Demişdi ki, separatçı-terrorçu rejim və Ermənistandakı qaniçən xunta erməni xalqını bu cür yaşadır.

Bu, Prezidentin öz xalqına münasibətinin göstəricisidir. Prezident İlham Əliyev hesab edir ki, heç bir hakimiyyət, onun yerli nümayəndəsi xalqın sıravi üzvünün “it damında” yaşamasına imkan verməməlidir.

Bəlli olur ki, Azərbaycanın özündə “it damı” səviyyəsində bərbad olan bir daxmada - Astara rayonunun Səlivə kəndində 2 övladı ilə qazi yaşayır və bu qazi, Məlik Məlikov müharibədəki igidliyinə görə 3 medalla təltif edilib.

Səlivə kənd nümayəndəsi mediaya danışır, deyir ki, bu ev qazinin deyil, atasınındır və qazi də onunla yaşayır; deyir, əlilliyi yoxdur, işsizdir:

“İndi ev tikmək istəyirsə, mən nə deyə bilərəm? Bizə müraciət olunmayıb. Olunsa belə, biz ona nə kömək edə bilərik ki? Atası ilə yaşayır, heç bir yerdə işləmir. Təsərrüfatla məşğul olurlar, iş olanda işləyir. Bu yaxında eşitmişəm ki, Bakıda haradasa işləyir”.

Astaranın başçı müavini Firəngiz Sadıqova isə bildirir ki, qazi Məlik Məlikova ev düşmür, çünki əlilliyi yoxdur; o heç sığorta da almayıb, çünki onun xəsarətləri yüngüldür: “Amma biz əlimizdən gələn qədər ona və digər qazilərə yardımlar etmişik. Adi günlərdə ərzaq göndəririk, bayramlarda 100 manat pul verilir”.

Vətən üçün vuruşub, 3 medalı var, yaralanıb – ancaq “yaraları yüngüldür” deyə, əlillik verilməyib, sığorta almayıb, ev növbəsinə götürülmür, ev verilməyəcək…

Utanıb-qızarmadan işsiz olduğunu deyirlər və bunu o qədər soyuqqanlı şəkildə dilə gətirirlər ki, heyrətlənməmək olmur.

“Eşitmişəm… deyirlər… deyəsən…” ifadələrindən isə tam aydındır ki, ümumiyyətlə qazi ilə maraqlanmırlar.

Ermənini “it damında” yaşatdığına görə separatçı-terrorçular və xuntaçıların eybəcər mahiyyətinə tüpürən Prezident İlham Əliyev işlə təmin edilməyən, əlilliyini ala bilməyən 3 medallı qazinin “it damında” yaşadığından xəbər tutsa, bu məmurların halı necə olar?

Hələ Məlik Məlikovun bütün bunlar azmış kimi, bələdiyyə sədrinin onun torpağını əlindən alması ilə bağlı şikayəti inanılmazdır…

Kefsiz İsgəndər
Oxşar xəbərlər:
Şərhlər: