» » Azərbaycanın masada əlini gücləndirən sənədlər və Prezident İlham Əliyevin Laçından dünyaya verdiyi mesajlar

Azərbaycanın masada əlini gücləndirən sənədlər və Prezident İlham Əliyevin Laçından dünyaya verdiyi mesajlar

12:27, 22.09.22
Eksklüziv / Siyasət
Azərbaycanın masada əlini gücləndirən sənədlər və Prezident İlham Əliyevin Laçından dünyaya verdiyi mesajlar
Prezident İlham Əliyev Laçın şəhərində Azərbaycan Bayrağının ucaldılması mərasimindən sonra etdiyi çıxışda Bakının İrəvana sülh təklifi, delimitasiya xəritələri, Zəngəzur dəhlizinin inşasına laqeyd yanaşması, qarşı tərəfin revanşist mövqeyi, delimitasiya prosesindəki ziddiyyətli davranışları barədə danışıb, sərhəddəki son gərginliklə bağlı Ermənistanın iddialarına cavab verib. Ölkə başçısı qeyd edib ki, Azərbaycan Ermənistana müharibədən dərhal sonra sülh təklif edib, amma İrəvan hələ də revanşist fikirlərindən əl çəkmir, sülh istəmir.

“Biz müharibədən dərhal sonra onlara sülh təklif etdik. Bu da dünya hərb tarixində bəlkə də nadir hallardan biridir ki, 30 il ərzində torpağımız işğal altında olsun, insanlarımız əzab-əziyyət içində yaşasın, tarixi-dini abidələrimiz dağıdılsın, şəhərlərimiz dağıdılsın, milyondan çox mina döşənsin, buna baxmayaraq, biz sülh təklif etdik. Ancaq yenə də görürük ki, Ermənistan sülh istəmir, yenə də revanşist fikirlərlə yaşayır".

Ötən dövr ərzində baş verən hadisələr əyani şəkildə sübut edir ki, Ermənistan hakimiyyəti 2020-ci ilin 10 noyabrında üçtərəfli bəyanata imza atdıqdan sonrakı müddətdə sülh müqaviləsinin imzalanması ilə bağlı ziddiyyətli davranışlar sərgiləyib, öhdəliklərindən boyun qaçırmağa cəhd edib. Azərbaycanın təklif etdiyi sülh müqaviləsinə etinadsız yanaşıb, Qarabağda təxribatlar törədib, dövlət sərhədində isə diversiya əməliyyatları həyata keçirməyə cəhd edib. Təbii ki, İrəvanın Bakının sülhpərvər təkliflərinə laqeyd yanaşması sərhədlərin delimitasiyası prosesinə də böyük əngəl törədir. Çünki Azərbaycanın sülh təklifinin əsasını delimitasiya prosesi, ərazi bütövlüyünün qarşılıqlı tanınması təşkil edir.

Prezident çıxışı zamanı Bakının delimitasiya prosesində tutduğu qəti mövqeyə, təklif etdiyi xəritələrlə bağlı diqqətçəkən məqamlara toxunub.

"Biz təklif etdik ki, delimitasiya prosesinə start verək. Bunu təxminən bir ildən çox müddət ərzində uzatdı. İndi isə bu proses başlasa da, sırf formal xarakter daşıyır, mahiyyət üzrə heç bir danışıqlar aparılmır, xəritələr üzrə heç bir müzakirə aparılmır. Biz bütün xəritələri hazırlamışıq. Həm XX əsrin xəritələrini, həm əvvəlki dövrün xəritələrini və delimitasiya işləri bu xəritələr üzrə aparılmalıdır”.

Prezidentin də çıxışından bir daha aydın olur ki, Azərbaycan heç bir vasitəçi olmadan Ermənistanla delimitasiya prosesinə başlaya bilər və Bakının əlində prosesin sürətli, həmçinin dəqiq aparılması üçün xəritələr var və onlar delimitasiya prosesinin əsasını təşkil edəcək. Amma Ermənistan rəhbərliyinin revanşist davranışları, masaya əyləşməkdən imtina etməsi sərhədlərin delimitasiyası prosesini ləngidir. Təbii ki, Ermənistan tərəfindən delimitasiya prosesinin süni şəkildə ləngidilməsi regionun gələcəyi baxımından önəmli olan, Azərbaycan və bölgədəki digər güclər üçün həyati əhəmiyyətə malik Zəngəzur dəhlizi layihəsinin inşasına ciddi maneədir. Çünki Ermənistan-Azərbaycan dövlət sərhədi dəqiqləşmədiyi müddətdə İrəvan bu boşluqdan istifadə edərək bölgənin gündəmini dəyişməyə, diqqətin Zəngəzur dəhlizinin inşasından yayınmasına cəhdlər göstərəcək.

Prezident İlham Əliyev də İrəvanın Zəngəzur dəhlizinin inşası prosesindən yayınma cəhdlərindən danışıb və qeyd edib ki, Azərbaycan Ermənistandan fərqli olaraq dəhlizin inşası ilə bağlı üzərinə düşən öhtəlikləri vaxtında icra edir.

"Ermənistan Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikasının birləşməsini təmin edən dəhliz verməli idi. Bu günə qədər nəinki dəhliz verilməyib, hətta dəhlizin marşrutu bizə deyilməyib. Heç bir praktiki iş aparılmayıb. Biz isə indi dəmir yolunu Zəngilana qədər çəkmişik. Avtomobil yolunu Zəngilana qədər çəkmişik. Biz gələn ilin sonunda Ermənistan sərhədinə həm dəmir yolunu, həm avtomobil yolunu gətirəcəyik. Ancaq Ermənistan ərazisində heç bir iş görülmür və görünür ki, heç bir iş görmək istəmirlər. Yenə də vaxt uzadırlar".

Ölkə başçısı çıxışı zamanı Ermənistanın Zəngəzur dəhlizinin inşası ilə yanaşı, üzərinə götürdüyü digər öhdəliklərdən də imtina etməyə cəhdlər göstərməsinə diqqət çəkib.

"Biz Ermənistanla sülh müqaviləsini imzalamaq üçün 5 prinsip təklif etmişik. Sözdə onları qəbul ediblər, amma biz bunu əməldə görmürük. Yenə də vaxt uzatma taktikası. Ermənistanın 2020-ci il noyabrın 10-da imzaladığı kapitulyasiya aktına əsasən, erməni silahlı qüvvələri Qarabağdan çıxarılmalı idi. Hələ də tam çıxarılmayıb."

Ümumilikdə Ermənistanın üzərinə götürdüyü öhdəliklərdən imtina etməyə cəhd göstərməsi regionda hərbi-siyasi vəziyyəti gərgin olaraq saxlayır və sülhü təhdid edir. 12-13 sentyabr tarixlərində sərhəddə baş verən gərginlik Ermənistanın bölgədə sülh prosesinə nə qədər təhdid törətdiyini bir daha sübut etdi.

Prezident İrəvanın bölgədəki uzunmüddətli sülhün mövcudluğuna törətdiyi təhdidlərdən danışarkən deyib ki, Azərbaycan 13 sentyabrda Ermənistanı yerində oturtdu: "Sentyabrın 13-də bizə qarşı növbəti təxribat törədilərkən Azərbaycan Ordusu cavab verərək düşməni yenə də yerinə oturtdu. Ümid edirəm ki, nəhayət bu, onlara dərs olacaq. Çünki gördülər ki, bizi heç kim və heç nə dayandıra bilməz. Heç kimin zəngi, heç bir bəyanat, heç bir təşəbbüs bizi dayandıra bilməz. Biz öz torpağımızdayıq və öz torpağımızı qoruyuruq. Sərhəd boyunca əldə etdiyimiz mövqelər imkan verir ki, biz istənilən erməni təxribatını qabaqcadan görək və lazımi tədbirlər görək. Biz ta Murov dağından Araz çayına qədər Azərbaycan-Ermənistan sərhədində əlverişli mövqelərdəyik. Bu mövqelər bizə həm hərbi üstünlük verir, həm böyük əraziyə vizual nəzarət imkanı yaradır, o cümlədən önəmli kommunikasiya xətlərinə nəzarət etməyə imkan verir və biz artıq bu bölgələrdə yerləşirik. Biz otuz il bu sərhədlərdə olmamışıq."

Ölkə başçısının çıxışı zamanı "Heç kimin zəngi, heç bir bəyanat, heç bir təşəbbüs bizi dayandıra bilməz" cümləsini işlətməsi Bakıya haqsız beynəlxalq təzyiqin göstərilməsinə cəhdlərin olduğunu, amma Azərbaycanın təzyiqlər qarşısında bir addım belə geri çəkilmədiyini göstərir.

Dövlət sərhədində baş verən gərginlik fonunda Ermənistanın baş naziri Nikol Paşinyanın dünyanın müxtəlif ölkələrinin liderləri ilə apardığı telefon danışıqlarının ardından Prezident İlham Əliyevə edilən zənglər, Bakının üstün, diqtə edən tərəf olduğunu ortaya qoyur.

Sərhəd gərginliyi zamanı Ermənistan Azərbaycana qarşı beynəlxalq təzyiqi artırmaq üçün məkrli plan qurmağa çalışsa da, Bakının diplomatik manevrləri və siyasi təsir imkanları nəticəsində İrəvanın tərxibatı baş tutmadı. İrəvan sərhəd gərginliyi zamanı beynəlxalq aləmdə elə təsəvvür yaratmağa çalışırdı ki, Azərbaycan Ermənistanın suveren ərazisinə daxil olub və işğal əməliyyatı həyata keçirir.

Prezident İlham Əliyev isə Ermənistan rəhbərliyinin, medianın, bəzi beynəlxalq təşkilatların və dövlətlərin sərhəd gərginliyindən sonra tirajladığı "Azərbaycan Ermənistan ərazisinə daxil olub" tipli hay-küylü xəbərlərindən və bəyanatlarından danışarkən deyib ki, delimitasiya aparılmadığı üçün ermənilərin onların ərazisinə daxil olduğumuza dair səsləndirdiyi ittihamların heç bir əsası yoxdur.

"İkinci Qarabağ müharibəsi başa çatandan sonra biz sərhədlərə çıxdıq. Əgər Ermənistan bizi ittiham etmək istəyirsə ki, onların ərazisinə girmişik, bunun heç bir əsası yoxdur. Birincisi, əgər sərhəd onların dediyi yerdə idisə sərhədi quraydılar, sərhəd xətlərini inşa edəydilər, kommunikasiyaları, mühəndis işlərini quraydılar. Onlar hesab edirdilər ki, bütün Qarabağ və Zəngəzur onlara qalacaq. Məhz buna görə Azərbaycan-Ermənistan sərhədində heç bir iş görməmişdilər. Yəni, bizim sərhədimizin delimitasiyası keçirilmədən heç kim deyə bilməz sərhəd haradan keçir. Mən yenə də deyirəm, biz müzakirələrə hazırıq və delimitasiya komissiyalarının - Azərbaycan-Ermənistan komissiyalarının işinə məsuliyyətlə yanaşırıq. Bütün xəritələri toplamışıq".

Prezident ermənilərin və onların havadarlarının hay-küylü bəyanatlarına verdiyi tutarlı cavabla Azərbaycanın sərhəd məsələsində tərəddüdlü addımlar atmadığını, Ermənistanın ərazi bütövlüyünə hər hansı təhdid yaratmadığını və Bakının həm hərbi, həm də siyasi addımlarının rəsmi sənədlərə əsaslandığını bir daha nümayiş etdirdi.

Həqiqətən də Azərbaycanın masada və hərb meydanında, beynəlxalq təşkilatların, güclü dövlətlərin təzyiqləri qarşısında əlini gücləndirən əsas məqamlardan biri rəsmi sənədlərlə çıxış etməsidir. Məsələn, ölkə başçısı çıxışı zamanı deyib ki, üçtərəfli bəyanata onun təkidi ilə Laçın dəhlizinə alternativ yolun tikilməsi barədə bənd salınıb. Təsəvvür edək ki, həmin bənd üçtərəfli bəyannata salınmasaydı, Laçın şəhərini və ətraf kəndləri qısa müddətdə və itkisiz geri qaytarmaq olardımı? Əlbəttə ki, xeyr. Hazırda sərhəd məsələsində də Azərbaycanın əlini güclü saxlayan Bakının bütün təzyiqlərə rəsmi sənədlərlə cavab verməsidir. Ermənistan rəhbərliyi üçtərəfli bəyanata əsasən, həm Qarabağla, həm Zəngəzur dəhlizilə, həm də sərhədlərin delimitasiyası ilə bağlı rəsmi sənədə imza atıb, üzərinə öhdəlik götürüb. Bu səbəbdən, onları icra etməyə məcburdur. Okeanın o tayından, Avropanın mərkəzindən, şimaldan və cənubdan verilən hər hansı bəyanat Azərbaycanın əlindəki rəsmi sənədlərdən, atılan imzalardan təsirli ola bilməz. Həmin sənədlər Azərbaycana əsas verir ki, Ermənistanda müəyyən dairələrin revanşist addımlarına hərbi cavab versin. Prezidentin çıxışından bir daha aydın olur ki, bundan sonra da sərhədlərimizə hər hansı xarici təhdid yaranarsa, yenə də tutarlı cavab veriləcək, revanşist cəhdlərin qarşısı alınacaq.
Oxşar xəbərlər:
Şərhlər: