» » “Əgər onları itirsək, yaxşı olmayacaq” - Qurban Qurbanov

“Əgər onları itirsək, yaxşı olmayacaq” - Qurban Qurbanov

14:02, 08.06.16
İdman
“Əgər onları itirsək, yaxşı olmayacaq” - Qurban Qurbanov
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Futbolpress.az saytına müsahibə verib. "Xezer.info" həmin müsahibəni təqdim edir:

- 8 klub lisenziya alıb və bundan artığı yoxdur. Bu cür gedişat nə vəd edir?

- Ölkədə devalivasiyanın baş verməsi klublara maliyyə cəhətdən çox böyük zərbə oldu. İclasda da bu məsələ müzakirə olundu ki, bir çox komandaların pulu yoxdur. Sənətləşmə məsələlərində də bir sıra problemlər olub. I Divizion klubları müzakirə olundu, hətta Premyer Liqadakı komandaların bir neçəsində çox böyük problemlər var idi. Bu səbəbdən də qanuna uyğun olaraq bu komandalara lisenziya verilmədi. Lakin yenə deyirəm ki, bu maliyyə böhranı komandalara çox pis təsir elədi. Biz də çox istəyərdik ki, Premyer Liqada 10 komanda qalsın. Çox fikirləşdik ki, bu komandaları nə cür saxlamaq olar, necə kömək eləmək olar? Bilirsiniz ki, bəzi klublarımıza həm lisenziya ilə bağlı, həm də ödənişlərlə bağlı pul cəzaları verilir, xallar silinir. Bunlar da bizə yaraşmayan şeylərdir. İşlər düzgün getməlidir, infrastruktur düzəlməlidir. Bundan əlavə, əsas müzakirə bu oldu ki, lisenziyalaşdırma qaydasında olsa, mütləq 10 komanda eləmək lazımdır. Amma necə? Bunlara sponsor tapmaq lazımdır. Heç kim bu məsuliyyəti boynuna götürmək istəmir. Bəzi sponsorlar da bu sahədən uzaqlaşmaq istəyirlər. Elələri də var ki, pul var, amma yenə də burada qalmaq istəmirlər. Ona görə də ehtiyyatlı olmaq lazımdır. Çünki futbola pul ayıran insanları itirsək, heç nə yaxşı olmayacaq.

- Növbəti iclasadək say artımı haqda xoş xəbər çıxmasa, hazırkı sistemlə vəziyyət necə olacaq?

- Fikir olaraq çox adam istəyir ki, 10 komandalı çempionat olsun. 8 klub olanda 28 turluq turnir olacaq. Bu da birdən-birə mövsüm ərzində 8 oyunun azalması deməkdir. Böyük göstəricidir və futbolçuların oyun praktikasının azalmasına səbəb olacaq. Komandaların sayının azalması, futbolçuların da kəmiyyətinin aşağı düşməsi deməkdir. Sponsor yoxdursa və yaxud kluba baxmaq istəmirsə, bunun sonu necə olacaq? Suni şəkildə komanda yaratmağın da adı yoxdur. Bu səbəbdən də bugünkü iclasda çox müzakirələr getdi. Bütün komitə üzvləri fikir səsləndirdi. Sonda əsas iş klubların üstünə düşdü və onlara biraz da möhlət verildi ki, lisenziyalaşdırma məsələlərini həll etsinlər. Tələb olanları bütün punktlar üzrə tələblərə cavab versinlər.

- Ümumiyyətlə, digər ölkələrdəki nümunələrlə uzlaşdırsaq, Azərbaycanda lisenziyalaşdırma şərtləri çox ağır və qəlizdir. Bəlkə komitə lisenziyalaşdırma şərtlərini də müzakirəyə çıxartsın. Çünki klubların vəziyyəti, maddi durum, futbola cəlb olunmuş sponsorların vəziyyəti – bunlar hamısı müəyyən problemlərdir ki, artıq biz bunu bilirik. Konkret olaraq UEFA-nın tələb etdiyi maliyyə şəffaflığı, maliyyə təminatı və baza punktlarından xaric digər tələblər biraz yumuşaldıla bilərmi?

- Mümkündür və güman ki, bu müzakirə növbəti iclasda olacaq.

- Çünki indiki məqamda əsas məqsəd ölkə futboluna yatırım eləməyə maraq yaratmaqdır. Hazırkı lisenziya şərtlərini görən işi adamı bu fikirdən dərhal qaçar. Komitə daha çox bu məsələni həll eləsə, faydalı olar...

- Düşünürəm ki, bu məsələ də klublara verilən vaxtın uzadılmasının səbəblərindən biri idi. Gələn iclasda buna da baxılacaq. Amma elə klublar var ki, sadə şərtləri belə yerinə yetirə bilmirlər. Stadion və bazası olmayan, bərbad vəziyyət olan klublar var. Onların əlbəttə ki, istəkləri qəbul olunmadı. Lakin təklifiniz yaxşıdır, niyə də baxılmasın? Hər halda, işin yaxşı getməsi üçün müəyyən əsas qərarları qəbul etməlisən və digərlərində biraz da olsa güzəşt etməlisən.
Oxşar xəbərlər:
Şərhlər: