» » Çeçenlər və gürcülər “Lənkəranski”nin obyektlərini bölüşdürür

Çeçenlər və gürcülər “Lənkəranski”nin obyektlərini bölüşdürür

09:16, 02.12.16
Kriminal
Çeçenlər və gürcülər “Lənkəranski”nin obyektlərini bölüşdürür
Göyərti, tərəvəz və meyvə topdansatış bazarına gürcülər nəzarət edir, Avropadakı əmlaklarına isə “Şeyx Həmzət” sahibləndi

Avqustun 18-də Türkiyədə öldürülən “qanuni oğru” Rövşən Canıyevin (“Lənkəranski”) qatili və sifarişçisi tapılmasa da, onun maliyyə imperiyası uğrunda savaş qızışıb. Kriminal aləmdə miras uğrunda mübarizə təəccüblü deyil. Adətən hansısa nüfuzlu “qanuni oğru” öldürüldükdən sonra onun nəzarət etdiyi maliyyə mənbələri uğrunda kriminal savaşlar başlayır.

“Lənkəranski”nin ən iri aktivi olan göyərti, tərəvəz və meyvə topdansatış bazarı artıq Merab Canqveladzenin (“Merab Suxumski”) və qardaşının nəzarətinə keçib. Rusiya mənbələri iddia edir ki, Rusiyaya ömürlük gəlməsi yasaqlanan “Suxumski” bununla kifayətlənməyərək “Lənkəranski”nin Türkiyədəki biznesinə də göz dikib.

Türkiyədəki biznesinə çeçen “qanun oğru” Hüseyn Əhmədovun (“Kor Hüseyn”) da iddialı olduğu bildirilir.

“Lənkəranski”nin Avropadakı bütün obyektləri isə “Şeyx Həmzət” ləqəbli çeçen “qanuni oğru” Həmzət Qastemirovun nəzarətinə keçib. Bu barədə “Sputnik” agentliyi Rusiya Federal Təhlükəsizlik Xidmətindəki mənbəyə istinadən bildirir.

Xəbər verildiyi kimi, bundan əvvəl “Lənkəranski”nin İtaliyanın Pozitano şəhərində 101 milyon avro nəğd pula iki lüks hotel -"Le Sirenuse" və “Hotel Covo dei Saraceni” hotellərini aldığı üzə çıxmışdı. Həmin hotellərdən biri kriminal avtoritetin qohumlarının, digəri “Şeyx Həmzət”in arvadının adına rəsmiləşdirilib. Lakin daha sonra onun vəkilləri digər hoteli də məhkəmə yolu ilə “Lənkəranski”nin qohumlarından alıblar.

Məlumata görə, Qastemirovun getdikcə güclənən klanı Avropada kriminalın “obşak”ına nəzarət edir. Avropa ölkələrində onun topdansatış bazaları var. Bu bazalardan Rusiya bazarlarına mallar göndərilir. FTX-dəki mənbə deyib ki, Qastemirovun nəzarətindəki “obşak”ın aktivləri iri bankın aktivləri ilə müqayisə oluna bilər. Hazırda Rusiya DİN-də FTX-də Qastemirovun barəsində 37 cinayət dosyesi var.

Avropadakı “obşak”ın “Şeyx Həmzət”in nəzarətinə verilməsi məsələsi hələ “Şakro Molodoy” ləqəbli kriminal avtoritet Zaxari Kalaşovun Ermənistanda keçirdiyi “sxodka”da qəbul olunub. “Şakro” özü hazırda həbsdədir, iyul ayında həbs olunub.

Bildirilir ki, “Şakro”nun Avropadakı aktivləri-bukmeyker kontorları, Las-Veqasda kazino, Belçikada daş-qaş evi, iri Rusiya neft şirkətinin səhm paketi və digərləri də Şeyxin idarəçiliyindədir. Habelə Şeyx Avropada keçmiş sovet respublikalarından olan zərgərlərə “krışalıq” edir. Məlmata görə, Şeyx Las-Veqasdakı “Caesars Palace ” kazinosunun 35 faizinin sahibidir. Bu, dünyanın ən iri otel-kazinolarından biridir. Çeçen mafiozun qüdrəti o qədər böyükdür ki, bu ilin avqust ayında onun ailə bayramında Al Paçino və Robert De Niro kimi Hollivud ulduzları da iştirak etmişdi.

Mənbə “Lənkəranski” dən miras qalan Almaniya və Hollandiya şirkətlərinin tam siyahısını da təqdim edib. Bura “Rainbow International B.V., Staay Food Group Holding, Fruit Company B.V. və Sonnen Frucht GmbH daxildir. Bu şirkətlər Avropadan Rusiya, Belarus və Ukraynaya meyvə-tərəvəz, ərzaq məhsulları ixrac edir. İki il əvvəl isə Lənkəranski Şeyxlə birlikdə Münhendəki "Hotel Sofitel Munich Bayerpost"u 82 milyon avroya alıb.

Pulun 10 faizini Lənkəranski qoyub, lakin hazırda bu hotel də tamamilə Qastemirovun nəzarətindədir.

Bir neçə gün əvvəl kriminal aləmdə “Hacı Beyləqanski” kimi tanınan “qanuni oğru” Hacıbaba Talıbxanlının Türkiyədə azadlığa buraxılması xəbəri yayılıb. Xatırladaq ki, o, Türkiyənin hüquq-mühafizə orqanları tərəfindən saxlanılmışdı. “Beyləqanski” son illər R.Lənkəranskinin ən yaxın adamlarından biri hesab olunurdu.
Oxşar xəbərlər:
Şərhlər: