» » Azərbaycanın mədəni irsinə vurduğu zərərə görə Ermənistanın hüquqi məsuliyyəti

Azərbaycanın mədəni irsinə vurduğu zərərə görə Ermənistanın hüquqi məsuliyyəti

18:59, 12.11.20
Manşet
Azərbaycanın mədəni irsinə vurduğu zərərə görə Ermənistanın hüquqi məsuliyyəti
Ermənistanın Azərbaycana qarşı 30 ilə yaxın davam edən hərbi təcavüzü və işğalçılıq siyasətinin acı nəticələrindən biri də, Azərbaycanın mədəni irsinin hədəf alınması və işğal edilmiş ərazilərdə yerləşən mədəni irs obyektlərinin məhv edilməsi və ya zədələnməsidir.

Sual olunur bu işğal nəticəsində mədəni irs obyektlərinə hər hansı formada yetirilən zərərə görə Ermənistan hüquqi məsuliyyət daşıyırmı? Məlum olduğu kimi, hüquqi məsuliyyət təqsirləndirilən subyektin qeyri-hüquqi hərəkətlərinə görə yaranan hüquqi nəticədir. Bu baxımdan Ermənistan, işğal nəticəsində Qarabağ ərazisindəki mədəni irs obyektlərinə vurulan hər hansı zərərə görə beynəlxalq hüquqi məsuliyyət daşıyır. Qeyd olunan məsuliyyət Ermənistanın beynəlxalq hüquqi öhdəliklərini pozmaqla AR-ə vurduğu zərərin aradan qaldırılması üzrə vəzifəsidir. Məlum olduğu kimi, belə bir məsuliyyətin yaranması üçün faktiki və hüquqi əsaslar olmalıdır. Faktiki əsas qismində Ermənistanın AR-in mədəni irsinə zərər vuran qeyri-hüquqi hərəkətləri çıxış edir. Belə ki, 2 milyon yaşı olan Azıx mağarasının yerləşdiyi Qarabağ ərazisində aşkar edilmiş, əksəriyyəti ölkə və dünya əhəmiyyətli mədəni irs obyektləri: daş abidələr – Xocalıdakı dolmenlər, Xankəndindəki kromlexlər, qədim albanlara məxsus abidələr – Qanzasar, Amaras məbədləri, islama aid abidələr – Ağdam Cümə məscidi, Hacı Ələsgər məscidi və s. tarixin müvafiq dövrlərinin ideologiyasını, mənəvi düşüncəsini əks etdirən maddi mədəniyyət nişanələri olmaqla 30 ilə yaxın müddətdə davam edən erməni təcavüzünün qurbanı olmuşdur. AR Milli Məclisinin Azərbaycan mədəni sərvətlərinin dağıdılması və mənimsənilməsi haqqında Bəyanatında qeyd edildiyi kimi işğal edilmiş ərazidə ölkə və dünya əhəmiyyətli 100000-dən artıq mədəniyyət nümunəsi dağıdılmış və qəsb edilmiş, 500 tarixi və 100-dən çox arxeoloji abidənin, 22 muzeyin əksəriyyəti tamamilə və ya qismən dağıdılmışdır. Bu ilin noyabr ayının 6-da Azərbaycan Milli İncəsənət Muzeyində Ermənistanın silahlı qüvvələri tərəfindən işğal edilmiş ərazilərdə yerləşən Azərbaycan mədəni irsinə həsr olunan brifinqdə Mədəniyyət Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Məryəm Qafarzadə bildirib ki, Ermənistanın Azərbaycana təcavüzü nəticəsində işğal edilmiş ərazilərdə yerləşən yaşayış evləri, təhsil, sənaye və kənd təsərrüfatı obyektləri ilə yanaşı, yüzlərlə mədəniyyət müəssisəsi, o cümlədən 4,6 milyon kitab fondu olan 927 kitabxana, 808 mədəniyyət sarayı, klub və mədəniyyət, 85 musiqi və rəssamlıq məktəbi dağıdılıb. Bununla yanaşı, 100 mindən çox eksponatın toplandığı 22 muzey və muzey filialı, 4 rəsm qalereyası, 4 teatr müəssisəsi, 2 konsert müəssisəsi, 8 mədəniyyət və istirahət parkı erməni vandalizminin qurbanı olub. Dövlət siyasətini özündə ehtiva edən bu hərəkətlər qeyri-hüquqi olmaqla Ermənistanın beynəlxalq hüquqi məsuliyyət daşımasını şərtləndirir.
Azərbaycanın mədəni irsinə vurduğu zərərə görə Ermənistanın hüquqi məsuliyyəti
Bunun üçün müvafiq beynəlxalq hüquqi əsaslar da mövcud olmalıdır. Belə bir əsaslar mövcuddurmu? Məsuliyyətin yaranması üçün hüquqi əsas, silahlı münaqişə zamanı mədəni irsin qorunması sferasındakı hüquq normalarıdır. Yəni Ermənistanın beynəlxalq hüquqi məsuliyyətinin hüquqi əsasını beynəlxalq hüququn prinsip və normalarında (xüsusilə beynəlxalq humanitar hüquq normalarında) təsbit olunan öhdəliklərinin pozulması çıxış edir. Belə ki, Ermənistan, işğal etdiyi Qarabağ ərazisindəki AR-in mədəni irs obyektlərinə qarşı etdiyi qeyri-hüquqi hərəkətləri ilə Müharibə aparılmasının adət və qaydalarını müəyyən edən Haaqa Konvensiyası (xüsusilə 1907-ci il Konvensiyası və Əlavə Protokol), Silahlı münaqişə qurbanlarının hüquqi müdafiəsinə aid 1949-cu il Cenevrə Konvensiyaları və ona edilən 1977-ci il I və II Əlavə Protokollar, Silahlı münaqişə zamanı mədəni irsin qo­run­­­masına aid 1954-cü il Haaqa Konvensiyası və ona edilən I və II Əlavə Protokollar və s. ilə müəyyən edilən öhdəliklərini pozur. Belə ki, Quru müharibəsinin qanun və adətləri haqqında 1907-ci il Haaqa Konvensiyasına Əlavənin 27-ci maddəsinə əsasən, mümkün olduğu həddə dini məbədlərin, elm, incəsənət məqsədlərinə xidmət edən binaların, tarixi abidələrin zərər görməməsi üçün bütün zəruri tədbirlər görülməlidir. 1949-cu il Cenevrə Konvensiyalarına əlavə olunan Beynəlxalq silahlı münaqişə qurbanlarının himayəsinə həsr edilən 1977-ci il Protokolunun (I Protokol) 53-cü maddəsinə [3, s. 300] əsasən, aşağıdakılar birmənalı olaraq qadağan edilir: a) xalqların mədəni və ya dini irsini təşkil edən tarixi abidələrə, incəsənət əsərlərinə və ya ibadətgahlara qarşı hər hansı düşmənçilik hərəkəti; b) belə obyektlərdən hərbi səyləri dəstəkləmək məqsədilə istifadə olunması; c) belə obyektlərin qisas obyektinə çevrilməsi. Eyni müddəa Beynəlxalq xarakter daşımayan silahlı münaqişə qurbanlarının himayəsinə həsr edilən 1977-ci il Protokolunun (II Protokol) 16-cı maddəsində də təsbit edilir. Təbii ki, silahlı münaqişə zamanı mədəni irsin beynəlxalq hüquqi qo­run­­­ması sisteminin mərkəzində 1954-cü il Haaqa Konvensiyası və ona əlavə edilən I və II saylı Protokollar durur. AR və Ermənistan 1954-cü il Konvensiyasında və Protokollarda iştirak edir. 1954-cü il Konvensiyanın və ona edilən I və II Protokolların fəaliyyət sferasını istənilən silahlı münaqişə zamanı mədə­ni irsin müdafiəsi təşkil edir.
Azərbaycanın mədəni irsinə vurduğu zərərə görə Ermənistanın hüquqi məsuliyyəti
Əlbəttə hüquqi məsuliyyətin müəyyən olunması üçün mədəni irs obyektlərinə qarşı törədilən əməllərin hüquqi tövsifinin verilməsi olduqca əhəmiyyətlidir. Bu müstəvidə qeyd olunan əməllərin təcavüz, yaxud müharibə cinayətləri kimi qiymətləndirilməsi müəyyən edilməlidir. Əslində Qarabağ ərazisinin işğalı Ermənistanın bilavasitə təcavüzünün nəticəsidir. Bu müstəvidə işğal edilmiş Qarabağ ərazisindəki AR-ə məxsus mədəni irs obyektlərinin dağıdılmasının mədəni təcavüz olaraq qiymətləndirilməsi heç də istisna edilmir. Belə ki, Təcavüzün tərifi haqqında BMT Baş Məclisinin 1974-cü il Qətnaməsinin 1-ci maddəsinə müvafiq olaraq BMT Nizamnaməsinə uyğun olmayan silahlı qüvvə tətbiqi təcavüz kimi tövsüf edilir. Bu əməllərin dövlət siyasətini ifadə etməsi, Ermənistanın siyasi və ya hərbi hərəkətlərini idarə etmək və ya bu hərəkətlərə nəzarət etmək səlahiyyəti olan şəxs və ya şəxslər tərəfindən planlaşdırılması və həyata keçirilməsi də, bu əməllərin məhz təzavüz aktı olaraq tövsüf edilməsini şərtləndirir. Lakin təcavüzün hüquqi təbiətlə yanaşı, həm də siyasi təbiətə malik olması, bu kontekstdə BMT Nizamnaməsinin 39-cu maddəsinə uyğun olaraq təcavüz aktının müəyyən edilməsinin BMT Təhlükəsizlik Şurasının müstəsna səlahiyyətinə aid olması, siyasi maraqlar səbəbindən Ermənistanın bu əməllərinin məhz təcavüz cinayəti kimi tövsüf edilə bilməsini sual altında qoyur. Bu müstəvidə Ermənistanın Qarabağ ərazisindəki mədəni irs obyektlərinə münasibətdə davranışını məhz müharibə və ya hərbi cinayət kimi tövsüf edilməsi daha məqsədəuyğundur. Bunu mövcud olan beynəlxalq hüquq normaları əsasında da təsdiq etmək olar. Belə ki, 1949-cu il Cenevrə Konvensiyalarına əlavə olunan 1977-ci il I Protokolun I Protokolun 85-ci maddəsinin 5-ci bəndinə müvafiq olaraq, Cenevrə Konvensiyalarının və 1977-ci il tarixli I Protokolun ciddi pozuntuları hərbi cinayət sayılır. Qeyd olunan maddənin 4-cü bəndinin (d) yarımbəndinə əsasən, xalqların mədəni və ya dini irsini təşkil edən və xüsusi sazişlə, məsələn, səlahiyyətli beynəlxalq təşkilat çərçivəsində bağlanmış sazişlə xüsusi himayə olunan aydın seçilən tarixi abidələrin, incəsənət əsərlərinin və ya ibadətgahların, düşmən tərəfin 53-cü maddənin (b) yarımbəndini pozduğuna dair sübutlar olmadan və belə tarixi abidələr, incəsənət əsərləri və ya ibadətgahlar hərbi obyektlərin bilavasitə yaxınlığında yerləşmədiyi halda həmlə obyektinə çevrilməsi, nəticədə onların böyük dağıntılara məruz qoyulması, Konvensiyaların və bu Protokolun ciddi pozuntusu sayılır.
Azərbaycanın mədəni irsinə vurduğu zərərə görə Ermənistanın hüquqi məsuliyyəti
Azərbaycanın mədəni irsinə vurduğu zərərə görə Ermənistanın hüquqi məsuliyyətiAzərbaycanın mədəni irsinə vurduğu zərərə görə Ermənistanın hüquqi məsuliyyəti
1954-cü il Konvensiyasına II Protokola (m.15) əsasən, Konvensiya və ya Protokolları kobudcasına pozaraq edilən aşağıdakı əməllər cinayət kimi müəyyən edilir: 1) gücləndirilmiş müdafiə altında olan mədəni sərvətləri hücum obyektinə çevirmək; 2) gücləndirilmiş müdafiə altında olan mədəni sərvətləri və onların olduğu yeri hərbi əməliyyatları dəstəkləmək üçün istifadə etmək; 3) güc­lən­dirilmiş müdafiə altında olan mədəni sərvətləri məhv etmək və ya mənimsəmək; 4) gücləndirilmiş müdafiə altında olan mədəni sərvətləri oğurlamaq, talamaq və ya digər qeyri-qanuni formada mənimsəmək, yaxud onlara qarşı vandalizm hərəkətləri etmək. Bu hərəkətlərə görə beynəlxalq cinayət məsuliyyətinin yaranmasını nəzərdə tutulur. Bu baxımdan AR Cinayət Məcəlləsinin 116.0.8-ci maddəsində müvafiq müddəaların təsbit olunması, fikrimizcə təqdirəlayiqdir.
Azərbaycanın mədəni irsinə vurduğu zərərə görə Ermənistanın hüquqi məsuliyyəti
Məlum olduğu kimi müharibə (hərbi) cinayətlərinin törədilməsi, hansı vəzifədə olmasında asılı olmayaraq fiziki şəxslərin beynəlxalq cinayət məsuliyyətini yaradır. Buna müvafiq olaraq AR Baş Prokurorluğu hər bir təxribat aktı üçün AR Cinayət Məcəlləsinin 116.0.8-ci maddəsinin müvafiq bəndlərinə əsasən, cinayət işi qaldırması (hansı ki, bununla bağlı cinayət işləri başlanmışdır) və bu əməllərin törədilməsi üçün əmr verən və icra edənlər barəsində Beynəlxalq Polis Təşkilatı (İNTERPOL) vasitəsilə axtarışı həyata keçirilməlidir. Beynəlxalq cinayət hüququnun ümumi prinsipinə müvafiq olaraq təqsirkar şəxslərin məsuliyyətə cəlb edilməsi, Ermənistanın bey­nəlxalq hüquqi məsuliyyətini istisna etmir. Quru müharibəsinin qanun və adətləri haqqında 1907-ci il Haaqa Konvensiyasının 3-cü maddəsinə görə, münaqişədə iştirak edən dövlət özünün silahlı qüvvələrinin tərkibinə daxil olan şəxslər tərəfindən edilən hər hansı bir əmələ görə məsuliyyət daşıyır, eyni zamanda müharibə aparılması qanun və adətlərini pozmaqla digər tərəfə dəymiş zərəri ödəməlidir. Göründüyü kimi, dövlətin beynəlxalq hüquqi məsuliyyəti ilə bağlı ümumi konsepsiya ondan ibarətdir ki, dövlət özünün orqan­la­rını və dövlət hakimiyyəti funksiyalarını həyata keçirən vəzifəli şəxslərin hərəkətlərinə görə, o cümlədən onun yurisdiksiyası altında olan şəxslərin qeyri-hüquqi hərəkətlərinə qarşı zəruri tədbirlərin görülməmə­si­nə görə, yəni hərəkətsizlik kontekstində məsuliyyət daşıyır. Buna müvafiq olaraq Ermənistan işğal etdiyi Qarabağ ərazisindəki AR-in mədəni irsinə vurduğu zərərə görə birbaşa beynəlxalq maddi hüquqi məsuliyyət daşıyır. AR Prezidentinin “2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan silahlı qüvvələrinin Azərbaycanın ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması ilə bağlı tədbirlər haqqında” 06 noyabr tarixli Sərəncamına müvafiq olaraq AR-in mədəni irsinə vurulan zərər qiymətləndirilməli və Ermənistanın maddi məsuliyyətə cəlb edilməsi üçün beynəlxalq hüquqi mexanizmlərdən (BMT Beynəlxalq Məhkəməsi, Avropa İnsan Hüquqları Məhkəməsi, ad hoc Tribunalların yaradılması) istifadə edilməlidir.

Sima Süleymanlı hüquq üzrə fəlsəfə doktoru, AMEA Hüquq və İnsan Haqları İnstitunun doktorantı
Oxşar xəbərlər:
Şərhlər: