» » Azərbaycan nümayəndələri Həştərxanda tələbələr qarşısında çıxış ediblər

Azərbaycan nümayəndələri Həştərxanda tələbələr qarşısında çıxış ediblər

11:48, 12.09.22
Media
Azərbaycan nümayəndələri Həştərxanda tələbələr qarşısında çıxış ediblər
Azərbaycandan olan nümayəndələr Rusiyanın Həştərxan şəhərində jurnalistika ixtisası üzrə təhsil alan tələbələrin qarşısında çıxış ediblər.

“Report” xəbər verir ki, Həştərxan Dövlət Universitetinin təşkilatçılığı ilə “Xəzəryanı ölkələrin media məkanında kreativ sənayelər” adlandırılan müzakirə panelində Azərbaycanın Rus İcması sədrinin müavini, politoloq Anastasiya Lavrina çıxış edib.

O öz çıxışında qeyd edib ki, Bakı sürətlə inkişaf edir və öz görməli yerləri, bənzərsiz gözəllikləri ilə xarici qonaqları heyran edir. Turistlər, o cümlədən həştərxanlılar Azərbaycan haqqında böyük sevgi və hörmətlə danışırlar:

“Ölkəmizdəki qonaqpərvərlik haqqında sonsuz danışmaq olar. Bakı qədim şəhərin bənzərsiz füsunkarlığını və öz adət-ənənələrinə ehtiramlı münasibətini itirmir. Bununla belə, şəhərdə moda da inkişaf edir. Dünyanın bir çox ölkələrində keçirilən “Azerbaijan Fashion Week” dəb göstəriləri yeni ənənə kimi formalaşmaqdadır.

Əksər azərbaycanlı dizaynerlərin incə zövqü mövcuddur. Onlar unikal əl işləri, müxtəlif zinyət əşyaları və geyimlərin dizaynı ilə çıxış edirlər. Yerli mədəniyyət bəzi kolleksiyaların əsas mövzusuna çevrilib. Məsələn, bu yaxınlarda əməkdar incəsənət xadimi, modelyer Fəxriyyə Xələfovanın kolleksiyalarından birinin əsas mövzusu Qarabağ olub.

Bu gün, xüsusən də bu sessiya üçün Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinin simvolu olan xarıbülbül gülünün təsviri olan yaylıq taxdım. Bu gül çox gözəl və unikaldır”.

A.Lavrinanın çıxışından sonra universitet tələbələri xarıbülbül haqqında suallar verib, bu çiçəyin unikallığının nədən ibarət olduğunu öyrənmək istəyiblər.

Telejurnalist, “Xəzər” televiziyasının aparıcısı Aytən Səfərova da həmin müzakirə panelində çıxış edərək müasir rəqəmsal dünyada media sahəsində kreativ yanaşmalar barədə fikirlərini bölüşüb:

“Hər bir gənc üçün özünü təsbit etmək vacibdir. Çünki kreativ ideyan olsa belə, özünü təsbit etmək daha böyük önəm daşıyır. Bunun üçün internet var. Əvvəl bir gənc ideyasını reallaşdırmaq üçün ucqar kənddən şəhərlərə gəlib, qapılar döyürdüsə, bu gün internet və sosial şəbəkələr var”.

A.Səfərova kreativ sənaye haqqında danışarkən Bakıda keçirilmiş “Texnofest – 2022” festivalını qeyd edib:

“Türkiyənin “Baykar” şirkəti tərəfindən təşkil olunan festivalda dünyanın müxtəlif ölkələrindən, o cümlədən Avropadan gənclər Bakıya gələrək özlərini təsbit ediblər, müxtəlif təkliflər alıblar. Bu tədbirlərdə Rusiyadan olan gənclərin iştirakı da vacibdir. Dünən də, bu gün də, gələcəkdə də ən böyük kreativ sənaye insan beynidir. Bu gün istifadə etdiyimiz kompüterlər, internet, sosial şəbəkələr hamısı məhz beyin məhsuludur”.

Həştərxan Universitetinin jurnalistika fakültəsinin tələbələri Azərbaycandan olan çıxışçıları olduqca maraqla dinləyib, tədbir bitəndən sonra belə onları əhatə edərək, müxtəlif suallarla müraciət ediblər.
Oxşar xəbərlər:
Şərhlər: