» » Ermənilər kütləvi şəkildə Azərbaycan vətəndaşlığı üçün müraciət edəcək - Deputat

Ermənilər kütləvi şəkildə Azərbaycan vətəndaşlığı üçün müraciət edəcək - Deputat

12:38, 15.08.22
Siyasət
Ermənilər kütləvi şəkildə Azərbaycan vətəndaşlığı üçün müraciət edəcək - Deputat
“Ermənistan Azərbaycan Prezidentinin xəbərdarlıqlarından nəticə çıxararaq destruktiv fəaliyyətinə son verərək, həm üzləşdiyi dərin böhranlardan, həm də bölgədə dayanıqlı sülhün təmin olunması istiqamətində təxirəsalınmaz real addımlar atmalıdır. Ermənistan nə qədər konstruktiv mövqe sərgiləməyəcək, bunda əziyyət çəkən tərəf ancaq özü olacaq”.


Bunu “Ölkə.Az”a açıqlamasında deputat İltizam Yusifov deyib.

Onun sözlərinə görə, necə ki, indiyə qədər destruktiv möcvqedən uduzan tərəf Ermənistan olub və bundan sonra da belə olacaq. “44 günlük müharibədən sonra Cənubi Qafqazda tamamilə yeni reallıq yaranıb. Artıq dünyanın aparıcı ölkələri və gücləri bu reallığı qəbul edib, buna uyğun fəaliyyətlərini qururlar. Ermənistan tərəfi isə hələ də xam xəyallardan əl çəkməyərək, “dağ selinin qarşısını alıb və ya məcrasını dəyişmək” prinsipinə uyğun siyasət yürütməkdədir. Amma unudurlar ki, bu qeyri-mümkün və mənasızdır. Əslində bu, vaxt itkisidir və zaman onların ziyanına işləyir. İrəvana odla oynamaq xeyir gətirməz. Qulaqlarında sırğa olsun ki, belə hərkətlərin bədəlləri ağır olur”- deputat qeyd edib.

O əlavə edib ki, vaxt uzatmaq onlara heç nə verməyəcək: “Cənab Prezidentin dediyi kimi, onlar fikirləşirlər ki, bir ildən və ya ilyarımdan sonra nəsə dəyişəcək bunların xeyrinə, səhv edirlər. Əksinə dünyada və bölgədə baş verən geosiyasi proseslər ermənilərin ziyanına işləyir. Azərbaycanın mövqeyi isə getdikcə daha da güclənir və ciddi oyunçu mövqeyini möhkəmləndirir. Ermənilər bunu nə qədər tez anlasalar yaxşı olar.

Yeni reallığın qaydalarına əsasən zaman keçdikcə Ermənistan Qarabağdakı ermənilər üzərində də təsirini itirəcək. Azərbaycan isə öz təsir imkanlarını artırır. Qarabağda yaşayan ermənilər açıq-aydın görməyə başlayırlar ki, Ermənistan hakimiyyəti onların problemlərini həll etmək iqtidarında deyil.

Yeni reallığın şərtlərini eyni zamanda Qarabağda yaşayan ermənilər də düzgün dəyərləndirib, buna uyğun addım atmalıdırlar. Başa düşməlidirlər ki, onların gələcəyi ancaq Azərbaycan cəmiyyətinə inteqrasiyadan keçir. Onlar bunu da bilməlidirlər ki, Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir və hər hansı status və ya imtiyazdan söhbət gedə bilməz.

Artıq ermənilər tədricən anlamağa başlayırlar ki, xilas yolu ancaq birgə yaşayışdan keçir və ona görə də Azərbaycan Prezidentinə müraciətlər etməyə başlayıblar. Yaxşı anlayır ki, onları indiyədək idarə edən “liderlər” bütövlükdə erməni xalqını uçuruma yuvarlayıblar. İndi də həmin “liderlər” bölgədə sülhün yaranmasının qarşısını almaq üçün erməni xalqının birgəyaşayışına qarşı çıxır və buna imkan verməməyə çalışırlar. Çox keçməyəcək erməni cəmiyyətinin çoxluğu üzləşdikləri bəlalardan nicatın yeganə yolunun azərbaycanlılarla birgəyaşayışdan keçdiyini anlamağa başlayacaq və o zaman tamamilə başqa bir mənzərnin şahidi olacağıq. Ermənilər kütləvi şəkildə Azərbaycan vətəndaşlığı almaq üçün müraciət edəcək və bu qarşısıalınmaz prosesə çevriləcək. Proses buna doğru gedir. Bax, o zaman da itirən tərəf İrəvan olacaq”.
Oxşar xəbərlər:
Şərhlər: