» » Deputatla seçiciləri arasında GƏRGİN ATMOSFER - ŞİKAYƏT VAR

Deputatla seçiciləri arasında GƏRGİN ATMOSFER - ŞİKAYƏT VAR

18:54, 25.11.16
Sosial / Manşet
Deputatla seçiciləri arasında GƏRGİN ATMOSFER - ŞİKAYƏT VAR
Dairənin əhatə etdiyi ərazidə yaşayan bir qrup sakin AFN-ə müraciət edərək, deputatın onlara qarşı etinasız yanaşdığını deyiblər. Rəsulzadə qəsəbəsindən özlərini A.M., A.N., D.E., Ə.A. deyə təqdim edən seçicilərin redaksiyamıza ünvanladığı müraciətdə bildirilir ki, deputat onlarla mütəmadi görüşlər keçirmir: “Problemimiz olanda müraciət etmək istəyirik, parlamentdə qəbuluna düşmək üçün müraciət edirik, orda da qəbul etmir. Bir neçə dəfə getmişik qəbuluna düşə bilməmişik. Köməkçisi bizə yox, başqa seçicilərə deyib ki, deputat sizin sosial problemlərinizi həll etmək üçün deyil, o qanun qəbul etmək üçündür, gedin problemlərinizi aidiyyatı qurumlara, məmurlara deyin. Biz isə sual edirik: Kəmaləddin Qafarovun başqa deputatlardan nəyi artıqdır ki, o seçicilərin sosial problemləri ilə məşğul olmaq istəmir? Onda belə çıxır ki, seçicilərinin digər problemləri ilə məşğul olan millət vəkilləri qanunu pozurlar?” Seçicilər bildirirlər ki, payız aylarında yağan güclü yağış onlar üçün ciddi problemlər yaradıb: “Yaşadığımız əraziyə avtomobillərin giriş-çıxışı böyük problem oldu, çox ciddi çətinliklər yaşadıq, amma deputatımızın bundan xəbəri olmadı. Bəlkə də xəbəri oldu, heç bir reaksiya vermədi. Bizim yaşadığımız ərazidə bu problemlər çoxdan var. Hörmətli Kəmaləddin Qafarov da bu problemlərdən əvvəlcədən xəbərdar idi. Seçki təbliğatı zamanı söz vermişdi ki, yollarla bağlı problemlərin aradan qaldırılmasına təşəbbüs göstərəcək. Amma artıq 1 ildir seçilib, keçən payız da, keçən yaz da, bu payız da biz həmin zülümün içində yaşadıq, yaşamaqda davam edirik. Deputatımız isə bizi dinləyib problemlərimizin həllinə təşəbbüs göstərməkdənsə, öz biznesilə məşğul olmaqdadır. Hörmətli redaksiya! Sizdən xahiş edirik ki, dərdimizi işıqlandırasız, bəlkə Kəmaləddin Qafarov səsimizi eşidə, harayımıza çata”. Qeyd edək ki, K.Qafarovun aptek-dərman biznesilə məşğul olması haqda məlumatlar səslənir. Deputat mandatı almazdan öncə isə o, Milli Onkologiya Mərkəzində direktor müavini kimi çalışırdı. Qarşı tərəfin də mövqeyini verməyə hazırıq. AFN.az
Oxşar xəbərlər:
Şərhlər: