» » Arzu Rəhimov Lənkərandakı işçisindən də yarımadı - ŞOK İTTİHAM VAR

Arzu Rəhimov Lənkərandakı işçisindən də yarımadı - ŞOK İTTİHAM VAR

17:35, 19.09.16
Xəbər
Arzu Rəhimov Lənkərandakı işçisindən də yarımadı - ŞOK İTTİHAM VAR
Artıq bir neçə müddətdir ki, redaksiyamıza Səfərbərlik və Hərbi Xidmsətə Çağırış üzrə Dövlət Xidmətinin (Səfərbərlik xidməti) Lənkəran rayon şöbəsinin fəaliyyətində müşahidə olunan bir sıra qanun pozuntularına dair açıqlamalar daxil olmaqdadır. Bu xüsusda aldığımız məlumatlarda qeyd edilir ki, bu gün Faiq Əmirovun rəhbərlik etdiyi şöbədə çoxsaylı neqativ hallar davamlı olaraq müşahidə olunur.

Mövzuya dair ötən yazılarımızda da biz qeyd etmişdik ki, Səfərbərlik xidmətinin bəzi rayon şöbələrinin fəaliyyəti hələ də bir çox hallarda vətəndaşların hüquqlarının pozulması, müxtəlif korrupsiya faktları ilə müşayiət olunmaqdadır. Halbuki vətəndaşların orduya çağırışı və konkret ordu hissələrinə göndərişi ilə bağlı bütün səlahiyyətlərin Səfərbərlik xidmətinə verilməsindən sonra ümid etmək olardı ki, artıq bu proseslər bəzi rüşvətxor hərbçi məmurlar üçün qeyri-leqal gəlir mənbəyi kimi öz əhəmiyyətini itirəcəkdir. Lakin yerli mənbələrin iddialarına görə, son nəticədə bütün bu islahatlar bəzi bölgələrdə rüşvət və korrupsiyadan əldə olunan gəlirlərin mənimsəmə imkanlarının sadəcə olaraq birilərinin əlindən digərlərinə keçməsinə səbəb oldu. Hətta əvvəllər komissarlıqlarda yer alan rüşvətxorluq və korrupsiya halları Səfərbərlik xidmətinin bəzi rayon şöbələrində bir qədər də artıb və dərinləşib.

Səfərbərlik xidmətinin Lənkəran rayon şöbəsinin rəisi Faiq Əmirovun yarıtmaz fəaliyyəti isə, bu yazılanları bir daha təsdiq etmiş olur. Səfərbərlik xidmətinin fəaliyyətindəki çoxsaylı neqativ hallardan bəhs edən şikayət məktublarından belə başa düşmək olur ki, bəzi korrupsioner səlahiyyət sahibləri bu strukturlardan öz qanunsuz əməlləri üçün bir şirma kimi istifadə etmək planlarından hələ də əl çəkmək fikrində deyillər. Xidmətin Lənkəran rayon şöbəsinin fəaliyyətinə gəlincə isə, bu haqda redaksiyamıza daxil olan məlumatlarda bildirilir ki, hazırda bu rayonun əksər kəndlərində sağlam çağırışçıların rüşvət almaq yolu ilə ordudan yayındırılması və onların yerinə hərbi xidmətə yararsız gəncləri göndərmək təcrübəsi geniş tətbiq edilir. Məlumdur ki, bu sahədə qanun pozuntularına daha çox məhz hərbi xidmətə çağırışdan möhlət hüququ verən halların düzgün müəyyənləşdirilməməsi müstəvisində rast gəlmək mümkündür.

Daxil olan məlumatlarda da bildirilir ki, Lənkəranda hərbi xidmətdən yayınmağa meyilli olan şəxslər üç uşağın dünyaya gəlməsinə, yaxud da müəyyən edilmiş yaş həddinə yetişənə qədər müxtəlif xəstəliklər bəhanəsi ilə vaxt qazanmağa çalışır və çox vaxt buna nail olurlar. Bu xüsusda mənbələrin təqdim etdikləri məlumatlarda da Faiq Əmirov tərəfindən hərbi xidmətdən yayınmağa meylli olan vətəndaşlara saxta hərbi biletlərin təqdim olunması barədə kifayət qədər ciddi ittihamlar irəli sürülür. Əlbəttə ki, bu vəziyyət davam etdikcə nə biz, nə də Lənkəran rayonunun ictimaiyyəti hələ də onları maraqlandıran sualların əksəriyyətinə, xüsusən də bu biabırçılıqlara nəhayət nə zaman və kim tərəfindən son qoyulacağı sualına cavab ala bilməyəcəyik.

Təəssüflər olsun ki, bu gün cəmiyyətdə formalaşmış ictimai rəy ümumiyyətlə Səfərbərlik xidmətinin fəaliyyətindən çoxsaylı narazılıqlara dəlalət edir. Son illər ərzində bu sahədə həyata keçirilən islahatlara baxmayaraq bu qurumların fəaliyyəti hələ də bir çox hallarda vətəndaşların hüquqlarının pozulması, müxtəlif korrupsiya faktları ilə müşayiət olunur. Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq./Gundelik-baku.com/
Oxşar xəbərlər:
Şərhlər: